FOX.AZ Mobil versiya
Mobil versiya
29.09.2014
1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən şənbə və bazar günü Azərbaycan yollarında 17 yol qəzası baş verib. Qəzalar nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb. Göyçay rayonunda toy karvanının qəzaya uğraması nəticəsində isə 9 nəfər həlak olub. Bu cür qəzalar nəticəsində toyun yasa dönməsi birinci dəfə deyil. Ümumiyyətlə, son illər ölkəmizdə yol qəzalarının sayında xeyli artım müşahidə edilir. Hətta hər kəs gündəlik həyatında yol qəzasının qurbanı olacağı qorxusu ilə yaşayır. Qəzaların böyük əksəriyyəti isə sürət həddinin aşılması nəticəsində meydana gəlir. Dəhşətli məqamlardan biri də odur ki, baş verən yol qəzaları nəticəsində bir ailənin tamamilə məhv olması faktlarına da rast gəlinir.

2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayında azalma müşahidə olunub. Belə ki, qəzaların sayı 150 fakt (11%), ölənlərin sayı 44 nəfər (8%), yaralananların sayı isə 218 (15%) nəfər azalıb. 2013-cü ildə respublika ərazisində 2840 yol qəzası baş verib. Yol qəzalarında 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb. Əvvəlki illə müqayisədə baş verən yol qəzaları 52, ölüm sayı isə 8 fakt azalıb, xəsarət alanların sayı 48 fakt artıb. 2012-ci ildə respublika ərazisində 2892 yol qəzası olub. Nəticədə 1168 nəfər ölüb, 2997 nəfər xəsarət alıb. 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarında 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb.

Sadaladığımız illərə nəzərə saldıqda görünür ki, hər il yol qəzalarında 1000-dən çox insan həyatını itirir. Yol qəzalarının artması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Baş verən yol qəza hadisələri ilə bağlı çox səbəblər var.

“Sadəcə yeganə problem odur ki, qəzaların baş verməsində ilk növbədə yol hərəkəti qaydalarının pozulması durur. Nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması düzgün deyil. Yüksək sürətin qəzanın ağırlıq dərəcəsinə təsiri olur. Yəni sürət nə qədər az olsa, toqquşma zamanı xəsarətin sayı az olar və ya ölüm halları olmaya bilər. Nəqliyyat vasitələrindən hansısa birinin sürətinin nisbətən yüksək olması qəzaya yol açır. Artıq yüksək sürətlə idarə olunan maşın birbaşa qəzanın ağırlığına təsir göstərir”.

Xatırladaq ki, BDYPİ-nin yol qəzaları ilə bağlı 2012-ci ilin yanvar ayına qədər olan 23 illik statistikası dəhşət saçan məqamlardandır. Belə ki, 1988-ci ildən 2012-ci ilədək Azərbaycanın avtomobil yollarında 64 min 141 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Statistikaya görə, ötən 23 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.

Müqayisə göstərir ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib. Hər il yol qəzalarında 1000 mindən çox insanın həlak olması statistikası davam edərsə, yaxın illərdə yol qəzalarında ölənlərin sayı, müharibədə ölənlərin sayına çatacaq.

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company